Torpaqlarımız azad olana kimi məzarına bayraq asmadım… -  Şəhid Cavidan Ağayev

11:57 07.01.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

"Torpaq əgər uğrunda ölən varsa Vətəndir" deyirlər. Addım atdığımız hər qarış torpağın keçmişdən günümüzə bir hekayəsi var. Hər bir hekayənin baş qəhrəmanı isə əbədiyaşar şəhidlərimizdir. Elə bir azdan haqqında bəhs edəcəyimiz şəxs də Vətənin qoynuna, milyonların isə qəlbinə gömülən, Böyük Vətən Müharibəsinin qəhrəmanı Şəhid Cavidan Ağayevdir.

Cavidan Mirzağa oğlu Ağayev  16 iyul 2001-ci ildə Səbail rayonunun Bayıl qəsəbəsində anadan olub. Ailədə beş övlad idilər – 4 qardaş, 1 bacı, Cavidan evin ikinci övladı idi.

 O,  162 saylı orta məktəbi bitirib, ardınca isə İdman Akademiyasına daxil olur, lakin hərbi xidməti başa vurduqdan sonra təhsilinə davam etmək istəyir. Uşaqlıqdan idmana, xüsusən də güləşə böyük marağı var idi. Bu idman növü üzrə dəfələrlə qalib gəlmiş, çoxlu sayda medallar qazanmışdı. 19 yaşlı Şəhidimiz daha öncə Tovuz döyüşlərində iştirak edib. Hərbi xidməti başa vurmasına 3 ay qalmış, 2 oktyabr Cavidan Ağayev ön cəbhədə, Xocavənd, Suqovuşan istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına Şəhidliyə ucalır.

Hafta.az Şəhidimizin yaxınları ilə həmsöhbət oldu, onlar Cavidanla bağlı xatirələrini bizimlə bölüşdü.

Ata – Mirzağa Ağayev oğlu haqqında danışarkən bir daha əmin olduq ki, şəhidlik zirvəsi ancaq seçilmişlərə məxsusdur. O, oğlunun keçdiyi döyüş yolu haqqında qürur və fəxrlə söhbət açır:

"Uşaqlıqdan idmana böyük həvəsi olub, elə hərbçilər arasında da çempion olmuşdu. Oğlum 15  ayın əsgəri idi. Yanvarda tərxis olunmalıydı, qismət belə imiş. Sonuncu dəfə şəhid olmamışdan iki ay öncə görüşdük. Onda gördüm ki, döyüş hazırlığı keçirlər. Müharibə başladıqdan sonra ən çox anası ilə danışırdı. Elə hey deyirdi ki, biz torpaqlarımızı azad edəcəyik, mən şəhid olacağam...

Üç oğlum idmanla məşğul olur, övladlarımın hər biri bayrağa dəyər verən, vətənpərvər və cəsurdur. Allah igidləri yaratdı ki, Vətənin dar günündə onu qorusunlar".

Mirzağa bəy söyləyir ki, hər bir gənc kimi mənim də oğlumun arzuları, xəyalları var idi. Akademiyanı bitirmək, ailə qurmaq istəyirdi. Sevdiyi var idi. Elə şəhid olmamışdan bir gün öncə onunla danışıb.

"Yaxın dostu Elvin Babayev ilə eyni gündə xidmətə başlamışdılar. Arzuları evə birlikdə dönmək idi. Sən demə, alınlarına qayıdışın ən şərəflisi yazılıbmış. Eyni anda şəhid olub, evə də bir qayıtdılar... Döyüş yoldaşı Sabir bizə dedi ki, Cavidan şəhid olduğu günün səhəri bir xeyli nəşəli idi. Sevinci üzündən oxunurdu. Deyirmiş ki, "Bilirəm, bu gün nə isə yaxşı bir şey olacaq, ona görə çox sevincliyəm". Yaralanıb və 5 dəqiqə sonra şəhidliyə ucalıb, bu müddətdə üzü ancaq gülürmüş".

Oktyabr ayının 2-si Cavidan üzündəki gülüşünü də götürüb ən uca zirvəyə, şəhidliyə yüksəlir.

Atası Cavidanın döyüş təlimləri keçdiyi üçün məzuniyyətə gəlməkdən də imtina etdiyini söylədi. “Oğlum yüksək hazırlıq keçib torpaqlarımızı tez zamanda azad etmək arzusunda idi.

Müharibə başlayanda demişdi ki şəhid olacağam, mən də dedim, səni ora döyüşməyə, Vətənin xidmətinə yollamışam, əgər qismətin şəhid olmaqdırsa, səni o ada yaraşan şəkildə qarşılayacağam, son mənzilə də özüm yola salacağam...”.

Ona söz vermişdim deyə, məzarına bayraq asmadım, ta ki torpaqlarımız azad olana kimi. Şuşa işğaldan azad edilən gün isə qurban kəsdim.  Oğlumun və yüzlərlə qəhrəman Vətən övladının uğrunda can verdiyi torpaqlarımız mənim üçün müqəddəsdir.

Müharibədən sonra onların top divizionuna təşəkkürnamə verildi. Hazırda hərbi hissə komandirləri də yaralıdır. Döyüş vaxtı düşmənə göz açmağa imkan verməyiblər. Bir dəqiqədə qarşı tərəfə 12 top mərmisi atırmışlar. Oğlum Cavidan da baş atıcı idi, işini mükəmməl bilirdi. Ön cəbhədə qurulan istehkamları yaran dəstələrin üzvü olub.

Cavidanı  tanıyanlar onu dostcanlılığı ilə xatırlayır. Bir də qoçaqlığı, çevikliyi, gözüqara dəlisovluğu ilə.

Daha sonra, şəhidimizin uşaqlıq dostu Mehdi də onunla bağlı xatirələrini bizimlə bölüşdü. Mehdi deyir ki, yaxın dost idik, amma ailədən fərqimiz yox idi. Yediyimiz-içdiyimiz ayrı keçməzdi. Cavidanla bir yerdə böyümüşük. O, daim Vətən sevgisi ilə yaşayırdı:

"Hər zaman dilində bir cümlə olub: "Qarabağı azad edəcəyik, mən də bu döyüşlərin iştirakçısı olacağam". Elə də böyük xəyallar qurmazdı, oxumaq, işləmək və ailə qurmaq istəyirdi. Döyüşlər başlayandan sonra danışmışdıq, elə hey deyirdi ki, burada hər şey yaxşıdır. Dostumla qürur duyuram. O, mərd və cəsur idi, belə bir insana başqa cür ölüm yaraşmazdı"…

Gənc ömrünə sonsuz qəhrəmanlıq, böyük Vətən eşqi sığdıran Azərbaycan övladları... Onların keçdikləri həyat yolunu öyrənəndə, barələrində eşidəndə fəxarətdən sinəmiz qabarır. Yandırdığınız azadlıq atəşi düşmənləri məhv etdi, milyonlarla azərbaycanlını isə bir amal uğrunda ətrafına topladı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!